2016-cı ilin avqust-sentyabr aylarında universitetdən yeni məzun olub xaricdən qayıtmışdım. Təhsilim mühasibat uçotu və maliyə üzrə idi. Müxtəlif şirkətlərin təcrübə proqramlarında iştirak etmişdim.
Bu sahənin mənə yad olduğu düşüncəsində idim, lakin hələ də iş yerlərinə müraciət etməkdə davam edirdim. Paralel olaraq biznes və startup xəyalları qururdum. Elə oldu ki, 2017-ci il yanvar ayında ixtisasıma uyğun iş təklifi gəldi. Həmin ərəfədə Codeacademy’nin “Web və Qrafik” dizayn üzrə kursunun reklamı rastıma çıxmışdı. Müxtəsər, seçimim kursa yazılmaq oldu və fevral ayında başladıq.
Nə az, nə çox 6 il keçib üzərindən. Aşağıda qeyd etdiyim şəxsi təcrübəmdən öyrəndiyim 6 dərsi ilkin vaxtlarda bilmək istərdim.
1. ‘Deadline’ təyin edərək işlə və işi çox yubatma.
İlkin təəssürat əhəmiyyətlidir, ancaq yaxşı dizayn zamanla olur. Bloq yazmağa başlayanda da ilk bunu qeyd etmişdim ki, ən yaxşı olmaq arzusu insanı geri salır. İlk versiyanı paylaşıb, bir müddətdən sonra etdiyin yenilikləri təqdim etmək daha yaxşıdır.
“Rome wasn’t built in a day, but they were laying bricks every hour. You don’t have to do it all today. Just lay a brick.” — James Clear
2. Gördüyün işləri paylaş və rəyləri şəxsinə götürmə.
Düzdür, dizaynların sənin zövqünü, bacarığını göstərir, buna görə də hansısa neqativ şərh səni məyus edə bilər. Ancaq inkişaf üçün eqonu kənara qoyub, müəllim, mentor, kolleqalar ilə işlərini paylaşmaq, müzakirə etmək, onların yanaşmasın öyrənmək lazımdır.
Həmçinin bitirdikdən sonra qısa təqdimat və mockuplarla hər hansı bir platformada paylaş. Həvəssiz olsan belə həftəsonu vaxt edib nəsə yerləşdir, heçdən daha yaxşıdır.
3. Twitter’də aktiv ol.
Birinci məqalənin mövzusunu və orda qeyd etdiyim məhsulları da Twitter vasitəsi ilə tapmışdım. Əvvəllər özəl profilimdən düşüncələri və yanaşmaları maraqlı olduğu üçün digərlərini, xüsusən də xarici dizaynerləri sadəcə izləmişəm. Lakin orda səni izləyənlərin olmasının da çox üstünlükləri var. Misal üçün, qlobal startup, biznes qurmaq fikrin varsa ilkin istifadəçilər toplamaq olar və ya sualın olduqda müraciət edib dəstək almaq olar və s.
4. ’Side project’in olsun.
“Create. Not for money. Not for the fame. Not for the recognition. But for the pure of creating something and sharing it.” — Ernest Barbaric
Ya elə yaradıcılıq xətrinə, ya da əlavə gəlir üçün et, fərqi yoxdur. Proses zamanı müxtəlif bacarıqlar (e-mail marketinq, SMM, ‘storytelling’, community building və s.) qazanıb inkişaf edəssən.
5. İxtisaslaş.
Bəzi şirkətlər spesifik sahə üzrə dizaynerlər tələb edirlər. Misal: UX writer, iOS app designer. Startup və kiçik şirkətlərdə daha çox hərcəhətli dizayner (Graphic+UX/UI designer) axtarılır. Bir proqramı da (Webflow, Wordpress) yaxşı öyrənib xidmət göstərmək mümkündür. Bu seçim məqsədə görə dəyişə bilər. Hər seçimin öz üstün və əksik cəhətləri var.


Özümə əvvəl bir sahəni nəzəri və praktiki olaraq dərindən mənimsədikdən sonra növbə ilə digərləri barədə məlumatlarımı artırmağı tövsiyə edərdim.
6. Biliklərini paylaş.
Paylaşmaqda bir çox fayda var. İlk olaraq bilik mübadiləsi edənin özünün mövzunu daha yaxşı mənimsəməsinə kömək edir. Əlavə olaraq, başqalarına da yararlı ola bildinsə insanda yaranan məmnunluq hissi elə kifayətdir.
— Nihad